Radoslav Voytaşek

 Polşa

1987-ci ildə yanvar ayının 13-də anadan olub., FİDE reytinqi: 2744 (Aprel 2018)

O , üçqat Polşa çempionu olmaqla yanaşı hazırda ölkəsinin ən yüksək reytinqli şahmatçısıdır. 2004-cü ildə o, yeniyetmələr arasında Avropa və Dünya birinciliyinin (U-18) qalibi olub. 2006-cı ildə Voytaşek milli komandanın heyətində Turində keçirilən olimpiadada iştirak edib. Mötəbər yarışda şahmatçı 11 oyundan 9 xal toplayıb.

2008-ci ilin dekabrında blits və rapid üzrə Avropa çempionatının qalibi olmuşdur. Voytaşek 2010-cu ildə Poloniya və San Xuanda keçirilən beynəlxalq turnirlərdə qələbə qazanıb. 2011-ci ildə şahmatçı Macarıstanda təşkil edilən Georgiy Marks Memorialını birinci pillədə başa vurub.

2013-cü ilin dekabrında 37-ci Sürix Kristmas Open turnirində 7 oyunda 6 xal toplamaqla qalib adını qazanmışdır.

2008-ci ildə dünya şahmat tacı uğrunda Vladimir Kramniklə görüşdə Vişvanatan Anandın köməkçisi olub. 2010-cu ildə Veselin Topalov, 2012-ci ildə Boris Gelfanda qarşı dünya çempionluğu uğrunda görüşlərdə Anandın hazırlıq komandasında yer alıb. 2014-cü ildə Voytaşek titul uğrunda gələcək çempion Maqnus Karlsenə qarşı mübarizədə Anandın köməkçisi qismində iştirak edib. O, Avropa çempionatının gümüş mükafatçısıdır.

Radoslav Voytaşek iki dəfə ShamkirChess superturnirində iştirak edib.