KİV
2018-04-28
Dünya çempionu Maqnus Karlsen Şəmkirdə növbəti qələbəsini qazanıb

Aprelin 27-də Şəmkirdə V Vüqar Həşimov Memorialında səkkizinci turun görüşləri keçirilib.

AZƏRTAC xəbər verir ki, bu turda Şəhriyar Məmmədyarov çexiyalı David Navaraya, norveçli Maqnus Karlsen Hollandiya təmsilçisi Aniş Giriyə, Polşa şahmatçısı Radoslav Voytaşek Bolqarıstan təmsilçisi Veselin Topalova, çinli Dinq Liren isə Rauf Məmmədova qalib gəlib.

Turun digər oyununda Teymur Rəcəbov rusiyalı Sergey Karyakinlə heç-heçə edib.

Bu nəticələrdən sonra hesabında 5,5 xal olan M.Karlsen birinci pillədəki mövqeyini davam etdirir. L.Dinq 5 xalla ikinci yerdə qərarlaşıb. V.Topalov, A.Giri, T.Rəcəbov, S.Karyakin, Ş.Məmmədyarov və R.Voytaşek 4 xalla 3-8-ci yerləri bölüşürlər. R.Məmmədov 3,5 xalla doqquzuncu, D.Navara isə 2 xalla sonuncudur.